
ABŞ və Fars körfəzi ölkələri "Səma qalası" kimi tanınan akustik aşkarlama sisteminin analoqunun yaradılması üzrə Ukrayna ilə danışıqlar aparırlar. Sistemin yaradılmasında məqsəd İranın hücum dronlarının qarşısının alınmasıdır.
Bu barədə "Financial Times" nəşri Ukrayna rəsmilərinə, dron istehsalı şirkətlərinin nümayəndələrinə və müzakirə iştirakçılarından birinə istinadən məlumat verib.
Onların sözlərinə görə, danışıqlar hökumət, hərbi və özəl səviyyələrdə aparılır.
"ABŞ-lılar Ukraynaya konkret sorğular göndəriblər, biz onlara lazım olanı təqdim edəcəyik", - mənbə bildirib.
O, Fars körfəzi ölkələri ilə danışıqları daha mürəkkəb adlandırıb. Eyni zamanda, Ukraynanın yüksəkvəzifəli rəsmisi qeyd edib ki, ölkəsinin hərbçiləri yaxın zamanda İranın dron hücumlarını dəf etməyə kömək etmək üçün Fars körfəzi ölkələrinə gedəcəklər.