
Türkiyə Milli Müdafiə Nazirliyi NATO qüvvələrinin İrandan atılan ballistik raketi zərərsizləşdirdiyini açıqlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, açıqlamada İrana xəbərdarlıq mesajı da çatdırılıb.
“İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raket müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Raketin bəzi qalıqları Qaziantepdə boş ərazilərə düşüb. Hadisədə itki və ya xəsarət qeydə alınmayıb.
Türkiyə yaxşı qonşuluq münasibətləri və regional sabitliyə böyük önəm verir. Amma ölkəmizin ərazinə və hava məkanına yönələn hər cür təhdidə qarşı bütün zəruri addımların qətiyyətlə və tərəddüdsüz atılacağını bir daha vurğulayırıq. Türkiyənin bu istiqamətdəki xəbərdarlıqlarına əməl edilməsinin hər kəsin xeyrinə olduğunu xatırladırıq”, - Nazirlik bildirib.
Xatırladaq ki, İran bundan əvvəl - martın 4-də də Türkiyəyə ballistik raket atmışdı. Türkiyə hava məkanına yönələn həmin raket də NATO qüvvələri tərəfindən vurulmuşdu.