
İran silahlı qüvvələri İsrailin Hayfa şəhərindəki sənaye rayonuna zərbə endirib.
Bu barədə İranın SNN telekanalı məlumat yayıb.
Məlumata görə, əməliyyat Livanın "Hizbullah" hərəkatı ilə birgə həyata keçirilib.
Həmçinin İran silahlı qüvvələri İsrailin Hayfa şəhərindəki neft emalı zavoduna növbəti dəfə zərbə endirib.
Zərbə nəticəsində yanacaq çəni alovlanıb.
Eyni zamanda İsrail hərbçiləri İran tərəfindən yenidən atəş açıldığını və raketlərin qarşısının alınmasına başlandığını bildirib.
"İsrail Müdafiə Qüvvələri İrandan İsrail ərazisinə doğru raket atıldığını qeydə alıb. Müdafiə sistemləri raketlərin ələ keçirilməsi üzərində çalışır", - deyə məlumatda qeyd edilib.
"The Times of İsrael" qəzetinin məlumatına görə, İsrailin şimalındakı Hayfa limanında raket hücumundan sonra yanğın baş verib.
Yanğından mühafizə və xilasetmə xidmətindən bildirilib ki, limandakı tankerə birbaşa zərbə dəyib və nəticədə tankerdə və sənaye tikililərindən birində alovlanma müşahidə edilib.
İsrailin Energetika Nazirliyinin rəhbəri Eli Koen bildirib ki, hücum sənaye obyektlərinə ziyan vurmayıb və yanacaq təchizatına təsir göstərməyəcək. Ətraf Mühitin Mühafizəsi Nazirliyi əlavə edib ki, hadisə nəticəsində təhlükəli kimyəvi maddələrin sızması təhlükəsi yoxdur.
Qeyd edək ki, İran Hayfaya və oradakı obyektlərə bundan əvvəl də zərbələr endirib.