
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını almaq üçün hərbi əməliyyata başlayıb və cavab olaraq uğurlu əks-həmlə əməliyyatı həyata keçirilib. Dörd gün ərzində Azərbaycan Milli Ordusunun bölmələri tərəfindən yerinə yetirilən adekvat cavab tədbirləri nəticəsində düşmən ağır məğlubiyyətə uğrayıb, Ermənistan silahlı birləşmələrinin işğalı altında olan Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının 2 min hektardan çox ərazisi azad edilib, minlərlə hektar strateji əhəmiyyətli ərazi Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altına keçib. Prezident İlham Əliyev Aprel döyüşlərini dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbə adlandırıb.
AZƏRTAC Böyük Qələbənin, möhtəşəm Zəfərin başlanğıcı olan həmin hadisələri xatırladır.
Dörd gün davam edən döyüş əməliyyatları dünyaya göstərib ki, Azərbaycan əsgəri işğal altında olan torpaqları öz gücü ilə azad edə bilər və ermənilərin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə dinc yolla, qeyd-şərtsiz əməl etmədiyi təqdirdə belə də olacaq. Məhz uğurla aparılan həmin döyüşlər 2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfərin bünövrəsini qoyub.
Həmin günlərdə igid hərbçi və zabitlərin qəhrəmanlığı və şücaəti sayəsində Tərtərin Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayılın Lələtəpə yüksəkliyi azad edilib və bununla da uzun illər düşmən işğalı altında olan Cocuq Mərcanlı kəndinin başı üzərindən qara buludlar çəkilib. Cocuq Mərcanlının inşası və yerli sakinlərin doğma kəndə dönüşü Qarabağa Böyük Qayıdışın ilk müjdəsi olub.

Aprel döyüşlərinin əsas özəlliyi ondadır ki, dörd gün davam edən müharibə yalnız Azərbaycan əsgərinin düşmən üzərində qələbəsi ilə deyil, eyni zamanda, “sarsılmaz erməni ordusu” mifinin darmadağın edilməsi ilə yekunlaşıb. Döyüş zamanı ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, eləcə də düşmənin 500-dən artıq hərbçisi qətlə yetirilib və yaralanaraq sağlamlığını itirib. Aprel döyüşlərində qazanılan parlaq qələbə Ermənistanın uzun illər ərzində məğlubedilməz orduya malik olması barədə uydurulan mifin sabun köpüyü olduğunu nümayiş etdirib.

Aprel döyüşlərində qazanılan qələbəyə baxmayaraq, Ermənistan tərəfi yenidən müxtəlif istiqamətlərdə təxribatlara əl atmaqda davam edib.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə endirdiyi atəş zərbələrinə cavab olaraq əks-hücum əməliyyatı - 44 günlük Vətən müharibəsi başlayıb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində və sonrakı uğurlu döyüş əməliyyatlarında Azərbaycan Ordusu xalqımızın hərb tarixinə qızıl hərflərlə yazılan şanlı Zəfəri qazanıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlərin qisası alınıb.
On il əvvəl Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı - Aprel döyüşləri Azərbaycan dövləti və xalqı üçün böyük Qələbənin başlanğıcı, möhtəşəm Zəfərə gedən yolun cığıraçanı kimi xatırlanır.