
Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl ölümlə hədələnir.
Yerli KİV xəbər verir ki, bu barədə Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının sədri Hayk Koncoryan sosial mediada məlumat yayıb.
Fraksiya rəhbəri Ermənistan hökumət başçısının Qarabağdan gəlmiş separatçılar tərəfindən hədələndiyini bildirib: “İnternetdə maskalı və silahlı şəxslərin Qarabağ ləhcəsində Ermənistan Baş nazirindən qisas almaqla, onu məhv və yox etməklə hədə-qorxu gəldikləri, guya “Artsax”ın mövcudluğunu qorumaq istədiklərini əks etdirən videosu yayılıb. Videoda ad yoxdur, üzlər görünmür, hamısı maska taxıb”.
Koncoryan Nikol Paşinyanı ölümlə hədələyən naməlum şəxsləri “terrorçu” adlandırıb.
Ermənistan Baş naziri də təhdidlərə cavab olaraq adekvat cavab veriləcəyini bəyan edib: “Əclaflar, maskalarınızı çıxarın, sizi lazım olan yerə göndərim. Niyə maska taxdıqlarını bilirsiniz? Çünki maskaları çıxaranda görəcəyik ki, müharibədə əsgərlərimizi tək qoyub qaçan əclaflar və fərarilər bunlardır. Onlar Ermənistana “maska oyunu” oynamaq üçün gəliblər, sizi diz çökdürəcəyəm”.
Bu arada Ermənistan İstintaq Komitəsi Baş nazir Nikol Paşinyana qarşı təhdidlərin yer aldığı video ilə bağlı cinayət işi başlandığı barədə məlumat yayıb. Məlumata görə, bir qrup şəxs tərəfindən qətlə hazırlıq, kompüter təxribatı və odlu silah-sursatın qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri başlanıb. Bildirilib ki, onların şəxsiyyətinin müəyyən edilməsi üçün ilkin istintaq aparılır.