
“Avropa İttifaqı (Aİ) aqressiv şəkildə Rus Pravoslav Kilsəsini Ermənistandan çıxarmağa başlayıb. Aİ-yə inteqrasiya üçün məcburi şərt olaraq Ermənistan hakimiyyətindən Moskva ilə dini-mənəvi əlaqələri tamamilə kəsmək tələb olunur”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) yaydığı məlumatda belə deyilir.
Qeyd olunur ki, bu ilin aprel ayında Ermənistanda yaradılmış Aİ Tərəfdaşlıq Missiyası bu siyasi-ideoloji problemin həlli çərçivəsində Rus Pravoslav Kilsəsinə qarşı şiddətli hücuma başlayır. İddia edilib ki, Aİ Rus Pravoslav Kilsəsini Ermənistanda daşınmaz əmlakından istifadə hüququndan məhrum etməyə, eləcə də onun Erməni Apostol Kilsəsi ilə əlaqələrini əngəlləməyə çalışır.
“Əldə etdiyimiz məlumata görə, avropalılar hazırda Ermənistan hakimiyyətini genişmiqyaslı təqiblərə başlamağa təhrik etmək üçün Rus Pravoslav Kilsəsinin və Erməni Yeparxiyasının digər nümayəndələrinə qarşı kompromat materiallar hazırlayırlar”, - deyə XKX-dan vurğulayıblar.
Məlumatda o da bildirilir ki, “Rusiya və Ermənistanın qardaş xalqları arasındakı əlaqələr Avropa hücumlarına tab gətirəcək; onlar istənilən Aİ siyasi texnologiya layihələrindən daha güclüdür”.