
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, İran raketlərini vura bilməyən ABŞ-ın “Patriot” zenit-raket sistemi Küveyt hava limanının terminalında baş verən dağıntılara səbəb olub.
Senzor.az İran mediasına istinadən bildirir ki, bunu SEPAH-ın ictimaiyyətlə əlaqələr üzrə sözçüsü, briqada generalı Hüseyn Möhibi Küveyt hava limanında baş vermiş dağıntılarla bağlı danışarkən deyib.
Onun sözlərinə görə, aparılan araşdırmalar göstərib ki, “SEPAH-ın Aerokosmik Qüvvələri bu hədəfə heç bir zərbə endirməyib”.
“Küveyt hava limanının sərnişin terminalında baş verən dağıntılar İran raketlərini ələ keçirə bilməyən Amerika istehsalı olan ‘Patriot’ sistemlərinin səhvi nəticəsində baş verib. Raketlərdən biri hədəfi vura bilmədikdən sonra terminalın üzərinə düşüb və dağıntılara səbəb olub”, - deyə Hüseyn Möhibi vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Küveyt Beynəlxalq Hava Limanının pilotsuz uçuş aparatı (PUA) hücumlarına görə fəaliyyətini dayandırdığı barədə məlumat yayılmışdı. Qeyd olunmuşdu ki, terminala PUA-lar və ballistik raketlərlə endirilən zərbələr nəticəsində 1 nəfər ölüb, 60-dan çox insan yaralanıb.