
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
Senzor.az bildirir ki, B qrupunda mundialın ev sahiblərindən olan Kanada millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşıb.
Torontodakı "Bimo Fild" stadionunda oynanılan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 21-ci dəqiqədə Avropa təmsilçisinin heyətində Yovo Lukiç açıb. Kanadanın qoluna isə 78-ci dəqiqədə Kayl Larin imza atıb.
Bu nəticə Kanada millisi üçün tarixi əhəmiyyət daşıyır. Belə ki, komanda dünya çempionatları tarixində ilk dəfə xal qazanıb. Onlar bundan əvvəl - 1986 və 2022-ci illərdə keçirilən mundiallarda keçirdikləri altı oyunun hamısında məğlub olmuşdular.
Qeyd edək ki, iyunun 13-ü səhər saat 05:00-da D qrupunun ABŞ - Paraqvay, axşam saat 23:00-da isə B qrupunun Qətər - İsveçrə oyunları keçiriləcək.
Dünya çempionatına iyulun 19-da yekun vurulacaq.