
ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corcia Meloni ilə dostluq münasibətlərini bərpa etmək niyyətində olmadığını bildirib.
Bu barədə Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, İtaliyanın Baş naziri Yaxın Şərqdəki münaqişədə iştirak etməyərək onun bitməsini gözləməyə çalışıb. Eyni zamanda Tramp iddia edir ki, Meloninin İtaliya vətəndaşları arasında bəyənilmə reytinqi ilə bağlı problemləri var.
"İtaliyanın Baş naziri Corcia Meloni Fransada keçirilən G7 sammiti zamanı təkrar-təkrar mənimlə şəkil çəkdirməyi xahiş edirdi. Onun İtaliyada populyarlıq göstəriciləri pisdir, bəlkə də ona görə ki, o, İranın nüvə silahı əldə etməsinin və ya hazırlamasının qarşısının alınması məsələsində ABŞ-a rədd cavabı verdi (Yeri gəlmişkən, eyni şeyi NATO da etdi)", - D.Tramp qeyd edib.
ABŞ lideri vurğulayıb ki, İtaliyanın Baş naziri həmçinin ABŞ Hərbi Hava Qüvvələrinə İtaliyanın uçuş-enmə zolaqlarından istifadə etməyə icazə verməyib, bu isə "ciddi logistik narahatlıqlar" yaradıb.
D.Tramp ABŞ-ın İtaliyanın və NATO üzrə digər müttəfiqlərin müdafiəsinə milyardlarla dollar xərcləməsindən gileylənib.
"İndi, Birləşmiş Ştatlar İrana hərbi məğlubiyyət yaşatdıqdan sonra, o, öz reytinqlərini artırmaq üçün yenidən dost olmaq istəyir. Xeyr, təşəkkür edirəm!", - o qeyd edib.
Xatırladaq ki, İtaliyanın Baş naziri artıq ABŞ Prezidentinin son G7 sammitində ondan şəkil çəkdirmək üçün “yalvardığı” iddiasına ölkəsində siyasi reaksiyaya səbəb olan sərt açıqlamalar verib. O, sosial media paylaşımında yazıb: “Bəzi iddialara dərhal cavab verilməlidir. Donald Trampın açıqlamaları tamamilə uydurmadır və mən bundan açıq şəkildə təəccübləndim. Amerika Birləşmiş Ştatları Prezidentinin müttəfiqləri ilə niyə belə davrandığını bilmirəm, amma bu, ilk dəfə deyil. Yalnız onu deyə bilərəm ki, onun Qərbin düşmənlərinə, ABŞ-ın düşmənlərinə qarşı eyni qətiyyəti göstərməməsi təəssüf doğurur. Amma onun yadda saxlamalı olduğu bir şey var: mən və İtaliya heç vaxt yalvarmırıq”.
İtaliyanın xarici işlər naziri Antonio Tayani isə bu qalmaqala görə, ABŞ-a iyunun 21-22-nə planlaşdırılan səfərinin ləğv olunduğunu bildirib.