
İran nümayəndə heyəti İsveçrədə ABŞ ilə danışıqlardan sonra Tehrana yola düşüb.
Senzor.az bildirir ki, bu barədə məlumat İranın xarici işlər naziri Abbas Əraqçinin “Telegram” kanalında yerləşdirilib.
“İran parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrədəki danışıqlardan sonra Tehrana yola düşüb”, - deyə məlumatda qeyd olunub.
Parlamentin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyətinin 18 saatlıq danışıqlar apardığı vurğulanıb.
Bu arada İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi İsveçrədə ABŞ ilə danışıqlarda irəliləyiş olduğunu və texniki qrupların anlaşma memorandumu üzrə işlərini davam etdirəcəyini deyib. Onun sözlərinə görə, detallar Qətər və Pakistan tərəfindən açıqlanacaq.
Daha əvvəl Tehran və Vaşinqton arasında vasitəçi kimi çıxış edən Qətər və Pakistan tərəflərin İran və ABŞ arasında yekun razılaşmanın imzalanması üçün yol xəritəsi hazırladığını bildirib. Bundan əlavə, danışıqların gedişinə nəzarət etmək üçün xüsusi komitə yaradılacaq.