
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı aparıb və tərəflər ABŞ-İran razılaşmasını müzakirə ediblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Telefon danışığı zamanı Türkiyə-İran ikitərəfli münasibətləri, həmçinin regional və qlobal gündəmdə yer alan məsələlər müzakirə olunub.
Ərdoğan İran ilə ABŞ arasında əldə olunan razılaşmanı müsbət qiymətləndirdiyini bildirib. O qeyd edib ki, Türkiyə prosesin sülhlə nəticələnməsi üçün bütün mümkün dəstəyi göstərməyə hazırdır.
Türkiyə lideri danışıqlar prosesini pozmağa çalışan qüvvələrə qarşı diqqətli davranmağın vacibliyini vurğulayıb.
Ərdoğan yeni dövrdə regional sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində addımların atılmasının zəruri olduğunu qeyd edib və Ankaranın bu məqsədə nail olunması üçün fəaliyyətini davam etdirəcəyini bildirib.
Prezident Məsud Pezeşkian isə bildirib ki, İran beynəlxalq hüquq çərçivəsində diplomatiyanı davam etdirməyə hazırdır. O, regionda sülhün bərqərar olması üçün diplomatik prosesin davam etdirilməsinin vacibliyini vurğulayıb: "İran müharibə axtarmayıb və axtarmır. Qanunsuz hücumu ABŞ və İsrail edib".
Telefon danışığı zamanı Türkiyə ilə İran arasında ticarət, maliyyə və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərin davam etdiriləcəyi də diqqətə çatdırılıb.