
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ərazisində və Moskvanın nəzarəti altındakı bölgələrdə bir sıra hərbi hədəflərə zərbələr endirildiyini təsdiqləyib.
Ukrayna ordusunun Baş Qərargahın “Telegram” kanalında yaydığı məlumata görə, Rusiyanın Penza vilayətində yerləşən və "Roskosmos" dövlət korporasiyasının tərkibinə daxil olan Fiziki Ölçmələr Elmi-Tədqiqat İnstitutu ASC vurulub.
Bildirilir ki, müəssisədə "İsgəndər", "Kalibr" və X-101 qanadlı və ballistik raketləri üçün sensorlar, Su-34, Su-35, Tu-95MS təyyarələrinin bort sistemləri üçün komponentlər, həmçinin kəşfiyyat peykləri istehsal olunur.
Baş Qərargah, həmçinin, Donetsk vilayətinin Qranitnoye yaşayış məntəqəsi yaxınlığında Malıy Kalçik çayı üzərində yerləşən avtomobil körpüsünün, Luqansk vilayətinin Nijneteploye yaşayış məntəqəsi yaxınlığında Teplaya çayı üzərindəki dəmir yolu körpüsünün və Donetsk vilayətinin Novoçeretuvatoye yaşayış məntəqəsi yaxınlığındakı logistika keçidinin vurulduğunu açıqlayıb.
Bundan başqa Melitopolda yanacaq-sürtgü materialları anbarının, eləcə də Rusiyanın Kursk vilayətində, Donetsk və Xarkov vilayətlərində yerləşən üç maddi-texniki təchizat anbarının vurulduğu bildirilib.
Ukrayna Baş Qərargahının məlumatına görə, Zaporojye və Donetsk istiqamətlərində Rusiyaya məxsus beş pilotsuz uçuş aparatının idarəetmə məntəqəsi də məhv edilib və ya sıradan çıxarılıb.