
Senzor.az Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, görüşdə ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli münasibətlərin təməlində ortaq tarixi köklərin, dil, din, mədəniyyət, adət-ənənə və dəyərlərin dayandığı vurğulanıb.
Prezident Şavkat Mirziyoyev qeyd edib ki, münasibətlərimiz dövlətlərimiz müstəqillik qazandıqdan sonra daha da inkişaf edib. Son illərdə isə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli əməkdaşlığın inkişafında daha böyük uğurlar əldə olunub. O, bildirib ki, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasında dövlət başçılarımız arasında münasibətlərin mühüm rolu var.

Prezident Şavkat Mirziyoyev ikitərəfli münasibətlərin inkişafında qanunverici orqanların müsbət rolunu qeyd edərək deyib ki, Özbəkistan ilə Azərbaycan parlamentləri arasında sıx və çoxşaxəli tərəfdaşlıq mövcuddur. Qarşılıqlı fəaliyyəti daha da inkişaf etdirmək üçün iki ölkənin qanunverici orqanları arasında sistemli və müntəzəm əməkdaşlığı daha da gücləndirmək lazımdır. Eyni zamanda, parlamentarilər xalqların bilavasitə nümayəndələri kimi “xalq diplomatiyası”nın təşviqində, o cümlədən Özbəkistan və Azərbaycanın regionları arasında əlaqələrin möhkəmləndirilməsində, iqtisadi və humanitar layihələrin dəstəklənməsində əsas rol oynamalıdırlar. Özbəkistan Prezidenti bu mənada Azərbaycan Milli Məclisi sədrinin səfərinin əhəmiyyətini və aparılan danışıqları yüksək qiymətləndirib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Prezidentinə Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər, regionda yaranmış yeni şərait və imkanlar barədə ətraflı məlumat verib. Bildirib ki, 2020-ci ildə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücünə yerinə yetirib. Qarabağ münaqişəsinin artıq tarixə çevrildiyini deyən Milli Məclisin sədri bildirib ki, Ermənistan işğal dövründə şəhər və rayonlarımızı, kəndlərimizi, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri dağıdıb və talan edib. Hazırda Azərbaycan azad edilmiş ərazilərində sürətli bərpa-quruculuq işləri həyata keçirir.
Milli Məclisin sədri dost Özbəkistanın hər zaman Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiyini qeyd edib. O, bu mövqeyinə və Füzuli rayonunda məktəb tikintisi ilə bağlı verdiyi dəstəyə görə Özbəkistana minnətdarlığını bildirib.
Prezident Şavkat Mirziyoyev onun da salamını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib və xoş arzularına görə ona minnətdarlığını ifadə edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.