
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, polis Vaqarşyan küçəsini bağlamağa çalışan müxalifət fəallarını saxlayaraq Ərəbkir inzibati rayonunun bölmələrinə aparıb.
Yolun hərəkət hissəsini bağlayan aksiya iştirakçıları səki ilə Davitaşen körpüsünə doğru gediblər. Polis əməkdaşları onlara yaxınlaşaraq digər vətəndaşların hərəkətinə mane olduqlarını bəyan ediblər. Bundan sonra aktivistlərlə hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşma başlayıb. Fəallar “Nikolsuz Ermənistan” şüarları səsləndiriblər. Polisin sərt davranışları isə çoxlarının hiddətinə səbəb olub. Hətta yoldan keçən bəzi şəxslər fəallara güc tətbiq edərək hansı səbəbdən saxlanıldığını öyrənməyə çalışsalar da, heç bir cavab ala bilməyiblər.
“Nikolsuz Ermənistan” şüarları ilə Fransa meydanından yolun hərəkət hissəsi ilə Abovyan küçəsinə doğru hərəkət edən yürüş iştirakçılarını isə bir neçə dəqiqə ərzində sayı xeyli artan polis müşayiət edib. Daha sonra əraziyə “qırmızı beretlilər” də cəlb edilib.

“Budur onların demokratiyası?! Dinc yürüş iştirakçıları heç bir izahat verilmədən təzyiqlərə məruz qalırlar. Nikol "qırmızı beretlilər"in arxasında gizlənir və heç bir səlahiyyəti olmayan əmrlər verir”, - deyə aksiyada iştirak edən deputat Anna Qriqoryan vurğulayıb.