“Bu ilin sonunadək minimum Krım ərazisinə daxil olmalıyıq”.
Bunu Ukrayna Müdafiə Nazirliyi (MN) Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov ölkəsinin “Pravda” nəşrinə müsahibəsində söyləyib.
“Müharibənin aktiv fazası ilin sonunadək maksimal mərhələyə keçməlidir. Rusiyanın normal müharibə aparmaq üçün 12 aylıq resursu var”, - o deyib.
K.Budanov bildirib ki, bu müharibə Krım yarımadası da daxil olmaqla işğal altındakı bütün ərazilərin azad olunması ilə nəticələnəcək.
Kəşfiyyat rəisi müharibənin Rusiya üçün iki ssenari üzrə bitəcəyi iddiasını irəli sürüb: “Birincisi, Rusiyanın ərazi bütövlüyünün formal saxlanması ilə ölkədəki siyasi rəhbərliyin dəyişməsi. Yenə də qeyd edirəm - formal. Bu variantla hamı şəxsən Putini və onun yaxın çevrəsini günahlandıracaq və Rusiyanın bununla heç bir əlaqəsi olmadığını deyəcək. Onlar qoşunlarını dünyanın bütün işğal olunmuş ərazilərindən çıxaracaqlar. İşğal olunmuş ərazilər prinsipcə mənsub olduqları ölkələrə - Gürcüstana, Yaponiyaya, Almaniyaya və s. qayıdacaq. Rusiya sivil dövlət kimi fəaliyyətini bərpa etməyə başlayacaq. Belə deyək, yenidən başlayacaq. Bu, müəyyən müddət işləyəcək. Gələcəyi isə bizə yalnız tarix göstərəcək”.(“Report”)