Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerə müharibənin dayandırılması müqabilində ərazilərin bir hissəsinin itirilməsinə razılıq vermək təklifini cavablandırıb.
Zelenski Kissincerin 1938-ci ildə ilişib qaldığını vurğulayıb.
“Belə təəssürat yaranır ki, cənab Kissincerin təqvimində 2022-ci il deyil, 1938-ci ildir və o, Davosda deyil, o vaxtkı Münhendə tamaşaçılar qarşısında çıxış etdiyini düşünür”, - Ukrayna Prezidenti bildirib.
"Yeri gəlmişkən, 1938-ci ildə, Kissincer ailəsi nasist Almaniyasından qaçarkən onun 15 yaşı var idi və hər şeyi mükəmməl başa düşürdü", - Zelenski əlavə edib.
O, Ukraynaya çətin kompromislərə getməyi tövsiyə edən “Nyu York Tayms”ın məqaləsini də xatırladıb.
"Ola bilsin ki, 1938-ci ildə “Nyu York Tayms” buna bənzər bir şey yazıb. Amma xatırladıram ki, indi 2022-ci ildir", - Ukrayna Prezidenti vurğulayıb.
“Amerikanın səsi”nin məlumatına görə, Qərb də “Ukraynaya sülh üçün bəzi əraziləri ruslara verməyi təklif edən” Kissinceri kəskin tənqid edib. Xüsusilə, ABŞ-dakı Xarici Əlaqələr Şurasının prezidenti Riçard Haas hesab edir ki, Kissincerin təklifi nə Ukrayna, nə də Rusiya üçün sərfəlidir.
Modern.az xatırladır ki, bu günlərdə Davosda keçirilən Dünya İqtisadi Forumuna videorabitə ilə qoşulan ABŞ-ın keçmiş dövlət katibi (1973-1977) və Amerika prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri (1969-1975) Henri Kissincer bildirib ki, Qərb Ukraynanı “situasiyanı qəbul etməyə” inandırmalıdır. Onun sözlərinə görə, Qərb Rusiyanı dağıdıcı məğlubiyyətə uğratmaq səylərindən əl çəkməli, Ukrayna isə Moskvanı təhrik etməmək və sülhə nail olmaq üçün öz ərazisinin bir hissəsindən imtina etməlidir...