Ermənistan müxalifətinin “Müqavimət” hərəkatı bazar ertəsi İrəvanın mərkəzində növbəti yürüş təşkil edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiya zamanı müxtəlif dövlət qurumlarının yanında dayanmalar nəzərdə tutulub.
Hərəkatın koordinatoru İşxan Saqatelyanın sözlərinə görə, bununla dövlət qulluqçularına müxalifətin parlamentdə təqdim etdiyi bəyanatla bağlı mövqe bildirmək imkanı verilir. Siyasətçi hesab edir ki, hər bir məmur bu sənədlə razı olub-olmadığını açıq şəkildə deməlidir.
Millət vəkili xatırladıb ki, müxalifət iyunun 3-də növbədənkənar iclas keçirməyi təklif edib, gündəliyə - Türkiyə və Azərbaycanla danışıqlar prosesinin tələblərini əks etdirən bəyanatın mətninə baxılması məsələsi var.
Həmin mətnin əsas müddəaları isə bu cür absurd tələblərdən ibarətdir: Qarabağ məsələsində onun Azərbaycanın tərkibində olacağı həll yolu ola bilməz; Onun qoşunları Ermənistanın suveren ərazisində olduğu halda Azərbaycanla sərhədi müəyyən etmək mümkün deyil; Ermənistanda Azərbaycan üçün İrəvanın nəzarətində olmayan tranzit yollar yoxdur və olmayacaq; Ermənistan-Türkiyə münasibətləri soyqırımı unutmaq və ya onun beynəlxalq səviyyədə tanınması prosesini dayandırmaq bahasına həll edilə bilməz.
Daha sonra “Mülki müqavilə”nin nümayəndələri jurnalistlərə bildiriblər ki, onların fraksiyaları iclasda iştirak etməyəcək. Bu halda kvorum olmadığı üçün iclas baş tutmayacaq.
Sual olunur: iclası pozacaqsınızsa və o, baş tutmayacaqsa tələbləri ora niyə göndərmisiniz?
Cavab sadədir: bütün bunlar onu göstərir ki, Ermənistan (iqtidarlı-müxalifətli) rəsmi Bakının son açıqlamasında qeyd olunduğu kimi, normallaşma üzrə baş tutan Brüssel görüşlərinin nəticələrini həqiqətən də heçə endirmək istəyir.
Senzor.az