Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 31 may 2022-ci il tarixində Bolqarıstana rəsmi səfəri çərçivəsində Bolqarıstan Prezidenti Rumen Radev tərəfindən qəbul edilib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Prezident Rumen Radev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində həyata keçirilən cari səfərin əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətini qeyd edib. Prezident Rumen Radev dost Azərbaycan ilə əlaqələrin üç onillik ərzində bir çox sahələrdə yüksək səviyyədə inkişafını vurğulayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə dəvət ünvanladığını qeyd edən Bolqarıstan Prezidenti, bu səfərin həyata keçirilməsinin yalnız iki ölkə arasında deyil, iki bölgə arasında əlaqələrin daha da genişlənməsinə müsbət töhfə verəcəyini ifadə edib.
Ceyhun Bayramov qəbula görə təşəkkürünü bildirib və Azərbaycan dövlət başçısının səmimi salamlarını Bolqarıstan Prezidentinin diqqətinə çatdırıb. Nazir, Sofiyada keçirilən ikinci strateji dialoq görüşü çərçivəsində bolqar həmkarı ilə çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.
Görüşdə iki ölkə arasında enerji, iqtisadi-ticarət, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın enerji sahəsində Bolqarıstanın, eləcə də Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu vurğulanıb.
Nazir Bolqarıstan Prezidentinə bölgədəki post-münaqişə vəziyyəti barədə, o cümlədən azad olunmuş ərazilərin bərpası və yenidən qurulması və sülh quruculuğu istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən işlər barədə məlumat verib. Bolqarıstan tərəfinin azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesinə dəstək olmaq niyyəti yüksək qiymətləndirilib.
Ceyhun Bayramov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin təbrik məktubunu Bolqarıstan Prezidentinə təqdim edib.