Ukrayna ABŞ-dan alacağı fəaliyyət radiusu genişləndirilmiş raket sistemlərindən Rusiya ərazisinə zərbə vurmaq üçün istifadə etmək niyyətində deyil.
Prezident Volodimir Zelenski bunu “Newsmax” telekanalına müsahibəsində deyib.
“ABŞ-da və ya Ağ Evdəki bəzi insanlar uzaqmənzilli raketlər vasitəsilə Rusiyaya hücum edəcəyimizdən ehtiyatlanır. Biz onların ərazisində döyüşmürük və Rusiyaya hücum etməyi planlaşdırmırıq”, - deyə Ukrayna Prezidenti bildirib.
Qeyd edək ki, Vaşinqton yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya HIMARS yaylım atəş sistemləri verməyi planlaşdırır. Bu raket sistemlərinin atəş məsafəsi 500 kilometrə qədərdir. ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsinin sözlərinə görə, Kiyevə göndərilən HIMARS sistemləri yalnız 80 kilometr məsafəni vura biləcək sursatla təmin olunacaq.
Xatırladaq ki, rəsmi Moskva Ukraynaya silah tədarükü ilə əlaqədar ABŞ başda olmaqla bütün ölkələrə nota verib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna silah daşıyan istənilən yükün onlar üçün qanuni hədəfə çevriləcəyini bildirib.