Ermənistan müxalifətinin "Müqavimət" hərəkatının tərəfdarları növbəti dəfə etiraz aksiyası keçirirlər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onlar bu dəfə Prezident sarayı qarşısına toplaşıblar.
Etirazçılar hökumət əleyhinə çıxışlar edir, müxalif deputatlar isə səsgücləndiricilərlə İrəvanda qonaq olan xarici ölkələrin rəsmilərinə çağırışlar edirlər. Əraziyə yüzlərlə polisin cəlb edildiyi bildirilir. Baqramyan prospektində etirazçıdan çox hüquq-mühafizə xidməti orqanlarının əməkdaşları var.
Xatırladaq ki, bu gün Prezident sarayında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sədrliyi ilə keçirilən iclasın iştirakçılarına təşkilatın müasir geosiyasi reallıqlarda böhrana reaksiya mexanizminin təkmilləşdirilməsi istiqamətində Katiblik və KTMT Birgə Qərargahı tərəfindən həyata keçirilən işlər barədə məlumat veriləcək.
İclasın yekununda KTMT ölkələrinin 2022-2024-cü illər üçün xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr planı imzalanacaq.
Onu da xatırladaq ki, iyunun 6-da İrəvanda KTMT Parlament Assambleyası Şurasının iclası keçirilmişdi.
Senzor.az