Rusiya Ermənistanda yaşanan hər şeyi görür, başa düşür və orada vəziyyətin sabit olmasında maraqlıdır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ermənistanlı həmkarı Vaaqn Xaçaturyanla Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində görüşündə deyib.
"Biz bu gün Ermənistanda, Ermənistan ətrafında baş verən hər şeyi başa düşürük. Biz tərəfdaşlıq münasibətlərimizi inkişaf etdirmək əzmindəyik. Biz ölkədə vəziyyətin sabit olmasında və mütərəqqi inkişafın təmin edilməsində maraqlıyıq", - Putin bildirib.
O qeyd edib ki, Ermənistan Rusiyanın strateji müttəfiqidir və Moskva bunu yüksək qiymətləndirir.
Putin prezident Vaaqn Xaçaturyanın fəaliyyətinin Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinin daha da inkişafına və qardaş xalqların rifahı naminə qarşılıqlı faydalı Avrasiya inteqrasiya proseslərinin təşviqinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Ermənistan prezidenti də öz növbəsində rusiyalı həmkarına Qarabağda 44 günlük müharibənin dayandırılmasına səbəb olan səylərə görə minnətdarlığını bildirib.
V.Xaçaturyan Ermənistan-Rusiya münasibətlərinin bundan sonra da inkişaf edəcəyini söyləyib: “ Buna mən qərar verməmişəm. 200 il əvvəl və ondan da qabaq əcdadlarımız qərara gəldilər ki, biz birlikdə yaşamalıyıq, sadəcə inkişaf etmək üçün birgə səylərimizdən istifadə etməliyik... Əminəm ki, bundan sonra da əlaqələrimiz inkişaf edəcək”.
Prezidentin sözlərinə görə, bu, onun vətəndaş və şəxsiyyət kimi mövqeyidir və Ermənistan hökuməti də eyni şəkildə fəaliyyət göstərir.
Xatırladaq ki, bu, Putinin Ermənistan Respublikasının prezidenti V.Xaçaturyanla ilk görüşüdür.