Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü, iyunun 18-də Milli Qvardiyanın Odessa vilayətindəki istehkamlarına baş çəkib.
Senzor.az dövlət başçısının mətbuat xidmətinə istinadən bildirir ki, Odessa vilayətinə işgüzar səfəri zamanı Zelenski Daxili İşlər Nazirliyi bölmələrinin istehkamlarına, silah nümunələrinə və atış tirinə baxış keçirib.
V.Zelenski Daxili İşlər Nazirliyi sisteminin tabeliyində olan qurumların əməkdaşlarına dövlət mükafatlarını şəxsən təqdim edib.
"Ukrayna xalqı adından, dövlətimiz adından, gördüyünüz böyük işə, qəhrəmancasına qüsursuz xidmətinizə görə sizə təşəkkür etmək istəyirəm. Əsas odur ki, sağsınız. Nə qədər ki, sağsınız, deməli, ölkəmizi qoruyan möhkəm Ukrayna divarı var. Ailələrinizə cansağlığı arzulayıram”, - deyə Prezident bildirib.
Tədbir iştirakçıları şəhid olan əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Qeyd edək ki, Ukrayna Prezidenti Odessadan əvvəl Nikolayev vilayətinə işgüzar səfər edib.
V.Zelenski orada regiondakı mövcud vəziyyətlə bağlı müşavirə keçirib.
Nikolayev vilayətinin iqtisadiyyatının vəziyyəti, eləcə də infrastruktur məsələlərinin həlli yolları müzakirə olunub. Xüsusilə, Rusiyanın raket zərbələri nəticəsində su təchizatı şəbəkələrinə ziyan dəydiyi üçün çətin vəziyyətə düşən rayon mərkəzinin su təchizatının bərpasından danışılıb.
Bundan əlavə, Zelenski Nikolayev vilayətinin hərbi administrasiyasının sədri Vitali Kimə III dərəcəli Boqdan Xmelnitski ordenini, Nikolaev şəhərinin meri Aleksandr Senkeviçə isə III dərəcəli “İgidliyə görə” ordenini təqdim edib.
Senzor.az