İyunun 18-də Ermənistan KİV-i Azərbaycana işləyən daha bir casusun həbs edilməsi barədə məlumat yayıb.
Onun Qarabağın “dövlət qurumlarından birinin işçisi” olduğu bildirilir. Həbs edilən şəxsin adı, soyadı açıqlanmır, yalnız baş hərfləri göstərilir - A.A.
Bildirilir ki, o, Azərbaycanın xüsusi xidmət orqanlarına Qarabağdakı vəziyyət, “Xarici İşlər Nazirliyinin strukturu və fəaliyyəti”, Qarabağın hərbçiləri və texnikası, Rusiya sülhməramlıları haqqında və s.” məlumatlar ötürüb.
“2021-ci ildə A.A. Ukraynaya dəvət olunub, orada 400 dollar mükafat və bahalı ətir alıb. Bundan sonra o, ötürülən məlumat üçün ayda 300 dollar alırdı.
2022-ci il yanvarın 28-də A.A. Gürcüstana gedib, orada 1500 dollar və məlumat ötürmək üçün xüsusi proqramı olan Iphone 11 alıb”, - deyə erməni mətbuatı yazır.
Qeyd olunur ki, həbs edildikdən sonra A.A. gunahını etiraf edib və ona qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanıb.
“Turan” xatırladır ki, Ermənistan tərəfi mütəmadi olaraq əksəriyyəti hərbçilər olan Azərbaycan agentlərinin həbsi barədə məlumat verir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra onların ümumi sayı artıq 30 nəfəri ötüb.
Son ifşa halı ötən həftə ictimailəşmişdi: Ermənistanda Azərbaycana casusluq etdiyinə görə bir hərbçi və bir mülki şəxsin həbs edildiyi bildirilmişdi.