İranın Ali dini lideri Ayətullah Əli Xamenei dünən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşündə İran və Qazaxıstan arasında dərin tarixi və mədəni əlaqələrə işarə edərək, bu əlaqələrin müxtəlif sahələrdə genişləndiyini vurğulayıb.
Senzor.az İran mətbuatına istinadən bildirir ki, Ayətullah Xamenei həmin görüşdə siyasi və iqtisadi məsələlər sahəsində əlaqələndirməni münasibətlərin genişləndirilməsi üçün vacib adlandırıb və birgə komissiyanın yaradılmasını vurğulayıb. "Hər iki tərəf müqavilələrin həyata keçirilməsi üçün ikiqat səy göstərməlidir", - deyə o bəyan edib.
Rəhbər iki ölkə arasında elmi-mədəni əlaqələrin genişlənməsinin vacibliyindən də danışıb: “Farabi min ildir İranda elmi tədqiq edilən bir islam filosofu və qazax əsilli alimdir. Onun işləri elmi-mədəni əməkdaşlıq və Birləşmiş Elm Komitəsinin yaradılması üçün əsas ola bilər".
Lider Rusiya-Ukrayna müharibəsinə də toxunub və deyib: “Rusiya-Ukrayna müharibəsində əsas problem Qərbin NATO-nun genişlənməsi planlarıdır. Onlar öz təsirlərini istədikləri yerdə genişləndirməkdən çəkinmirlər”.
“Daim diqqətli olmaq lazımdır, çünki Qərb və ABŞ ölkələrin ərazilərini pozmaq üçün dünyanın müxtəlif hissələrinə, xüsusən də Asiyanın şərqinə və qərbinə nüfuz etməyə çalışırlar”, - deyə Ali rəhbər əlavə edib.
Qazaxıstan Prezidenti də öz növbəsində bildirib ki, səfəri zamanı İran Prezidenti ilə yaxşı danışıqlar aparılıb və imzalanmış sazişlər əlaqələrin genişləndirilməsi üçün əsas ola bilər.
O, İran və Qazaxıstan arasında əlaqələri dərin kökləri olan münasibətlər adlandırıb və Liderin birgə komissiya yaratmaq təklifini alqışlayıb.
Xatırladaq ki, İran və Qazaxıstan Tehranda ikitərəfli əməkdaşlığa dair 9 saziş imzalayıblar. Sazişlər siyasi, iqtisadi, ticarət, nəqliyyat, investisiya, texnoloji, ekoloji, idman, enerji, məhkəmə, tədqiqat və turizm sektorlarında qarşılıqlı fəaliyyətə aiddir.
İmzalanma mərasimi Qazaxıstan və İran prezidentləri Kasım-Jomart Tokayev və İbrahim Rəisinin iştirakı ilə keçirilib.
Qeyd edək ki, Tokayev İran tərəfinin dəvəti ilə Tehrana ikigünlük rəsmi səfər edib.
Senzor.az