Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri, Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunu, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Adrian-İonuts Kesnoyunu və Rumıniya Prezidentinin strateji layihələr üzrə xüsusi nümayəndəsi Ana Birçalı qəbul edib.
Senzor.az bildirir ki, görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Bir çox sahələrdə, xüsusilə enerji, kənd təsərrüfatı sferalarında hərtərəfli əməkdaşlıq, enerji təchizatı, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatında yeni texnologiyaların və elektron sistemlərin tətbiqi ilə bağlı təcrübə mübadiləsi, gələcəkdə bir çox iqtisadi layihələrin icrasına dair məsələlər müzakirə olunub.
Söhbət zamanı hökumətlərarası komissiyanın iclasının keçiriləcəyi qeyd edilib və komissiyanın fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.