Rus əsgərləri Poltava bölgəsinin Kremençuqdakı ticarət mərkəzinə raket zərbələri endiriblər, binada mindən çox mülki şəxs olub.
Senzor.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdəki hesablarında məlumat verib.
"Poltava. Kremençuq. İşğalçılar mindən çox dinc sakinin olduğu ticarət mərkəzinə raket zərbələri endiriblər. Ticarət mərkəzi yanır, xilasedicilər yanğını söndürür, qurbanların sayını təsəvvür etmək mümkün deyil”, - Zelenski yazıb.
Dövlət başçısı ticarət mərkəzində baş verən yanğının videosunu da yayıb.
Ukrayna lideri ticarət mərkəzində Rusiya ordusu üçün heç bir təhlükənin olmadığını vurğulayıb. Bundan əlavə, obyekt heç bir strateji dəyər də ifadə etmirdi.
“Kremençuqdakı ticarət mərkəzinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb”. Bunu isə Telegram-da Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavini Kirilo Timoşenko bildirib.
Son məlumatlara görə, Kremençuk şəhərinin ticarət mərkəzinə endirilən raket zərbələri nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb, 50 nəfər isə xəsarət alıb. Hazırda xilasetmə işləri davam etdirilir, itkilərin sayının artacağı istisna edilmir.
Senzor.az