Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib ki, onun təşəbbüsü ilə yaradılan “Qərb-Axmat” batalyonu (yəqin atası Əhməd Kadırovun şərəfinə belə adlandırılıb-red.) artıq formalaşdırılıb və komandir İsmayıl Aquev şəxsi heyətə təqdim edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, R.Kadırov bu haqda “Teleqram” kanalında yazıb.
Bundan əvvəl Kadırov respublikanın yerli əhalisinin sayına görə dörd batalyonun yaradıldığını açıqlamışdı: "Onlar Çeçenistandakı yaxşı təchiz olunmuş bazalarda yerləşdiriləcək. Mənim göstərişimlə Çeçenistan parlamentinin sədri Maqomed Daudov Çeçenistan Hərbi Komissarlığında olub. Bazar ertəsi Donbasda özünü əsl vətənpərvər kimi göstərmiş komandir İsmayıl Aquyeb şəxsi heyətə təqdim edildi”.
Respublika başçısının sözlərinə görə, bazada döyüşçülər üçün rahat yaşamaq və hərbi-fiziki cəhətdən yaxşı hazırlaşmaq üçün qərargah binalarından tutmuş, futbol, voleybol, tennis və məşq meydançalarına qədər hər cür şərait yaradılır.
"Mən fəxr edirəm ki, biz ən qısa müddətdə “Qərb-Axmat” batalyonunu yarada bildik və onu Vətən qarşısında borcunu yerinə yetirməyə hazır olan çeçen xalqının layiqli oğulları ilə birləşdirdik", - Çeçenistan rəhbəri vurğulayıb.
Xatırladaq ki, Əhməd Kadırov 2003-cü ilin 5 oktyabrından 2004-cü il mayın 9-a kimi Çeçenistan Respublikasının prezidenti olub.Daha əvvəl isə bir neçə il Çeçenistanın müftisi olmuşdu. İkinci Çeçenistan müharibəsindən sonra Federal hökumətin tərəfinə keçmişdi. Qazaxıstanın Qaraqanda şəhərində doğulan Kadırov Daşkənd İslam Universitetini və Mahaçqala Biznesin İdarə Edilməsi İnstitunu bitirmişdi. Siyasi elmlər namizədi idi.
Ə.Kadırov 2004-cü ildə üsyançıların törətdiyi terror hadisəsində öldürülüb.