İyulun 1-ə keçən gecə Rusiya hərbçiləri Ukraynanın Odessa vilayətinə strateji aviasiyadan bir neçə raket zərbəsi endiriblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Odessa Hərbi Administrasiyasının spikeri Sergey Bratçuk Telegram səhifəsində məlumat verib.
Onun sözlərinə görə, atılan raketlərdən biri 9 mərtəbəli yaşayış binasına, ikincisi isə Belqorod-Dnestrovski rayonundakı istirahət mərkəzinə düşüb. 9 mərtəbəli yaşayış binasının bir bloku tamamilə dağılıb. Ölən və yaralananlar var.
Ukraynanın Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatında isə deyilir ki, doqquzmərtəbəli evin qismən dağılması nəticəsində 14 nəfər ölüb, üçü uşaq olmaqla, daha 30 nəfər yaralanıb. Xidmətin bölmələri dağıntılar altından 3-ü uşaq olmaqla 7 nəfəri xilas ediblər.
O biri raket zərbəsi isə istirahət mərkəzinin üç və dördmərtəbəli binalarının qismən dağılmasına səbəb olub, nəticədə biri uşaq olmaqla üç nəfər həlak olub, daha bir nəfər isə yaralanıb.