Murmansk vilayətinin kiçik Kovdor şəhərində yerli sakinlərlə Azərbaycan diasporunun nümayəndələri arasında münaqişə baş verib.
Senzor.az “Milli aksent” nəşrinə istinadən bildirir ki, münaqişə millətlərarası xarakter daşıyıb. Dava həyat yoldaşı ilə gələn müştərinin “Aysun” kafesinə buraxılmamasından sonra təxminən 20 nəfərin toqquşması ilə başlayıb. Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Münaqişə nəticəsində 4 nəfər xəsarət alıb, 8 nəfər isə saxlanılıb.
Davadan bir gün sonra onlarla yerli sakin Kovdor küçələrinə çıxıb. Onlar müxtəlif, o cümlədən ksenofobik şüarlar səsləndiriblər. Eyni zamanda, yerli polis küçələrdə gücləndirilmiş patrul xidməti həyata keçirib.
Buna baxmayaraq, Murmansk vilayətindəki “Azərbaycan” Mədəniyyət Mərkəzi ictimai təşkilatı münaqişənin millətlərarası münasibətlərlə bağlı olmadığını bəyan edib.“Azərbaycan” Mədəniyyət Mərkəzinin sədri Afil Hüseynov indi olanları təxribat və şəhərdə iki il əvvəl baş vermiş azərbaycanlıların avtomobillərinin yandırılması hadisələrinin davamı adlandırıb.
Sədrin köməkçisi Hüseynəli Hüseynovun sözlərinə görə, Kovdorda 50-yə yaxın azərbaycanlı yaşayır. Onların heç biri şəhəri tərk etməsə də, diaspor rəhbərliyi ilə əlaqə saxlayırlar.
Murmansk vilayətinin qubernatoru Andrey Çibis də hadisəyə münasibət bildirib. Onun sözlərinə görə, müavini Erik Xismatullin hadisə yerindədir. Davanın təhrikçiləri artıq müəyyən edilib və cəzalandırılacaqlar.
Senzor.az