Şəmkir Rayon İcra Hakimiyyəti əməkdaşlarının, xidmət sahələri rəhbərlərinin və kənd ictimaiyyəti nümayəndələrinin iştirakı ilə rayonun Yuxarı Çaykənd kəndində sakinlərin səyyar qəbulu keçirilib.
Qəbulda rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaşların rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb.
İcra başçısı bildirib ki, dövlət başçısının gələcəyə hesablanmış məqsədyönlü siyasəti nəticəsində regionlarda, eyni zamanda Şəmkir rayonunda infrastruktur layihələri həyata keçirilib.
Şəmkir rayonuna göstərilən xüsusi diqqət və qayğı, rayonda aparılan tikinti-quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında sakinlərə məlumat verən R.Tağıyev bildirib ki, bu tədbirlər və görülən işlər bundan sonra da davam etdiriləcək, vətəndaşları narahat edən ən kiçik problem belə diqqətdən kənarda qalmayacaq.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, kəndin ümumi problemləri müzakirə olunub.
Səyyar qəbulda sakinlərin qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılıb və həlli üzrə tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.
Qeyd edək ki, RİH başçısının rayonun kənd və qəsəbələrində səyyar görüşləri davam edir və bu, bütün yaşayış məntəqələrini əhatə edəcək.
Qabil YUSİFOĞLU