Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu gün rayonun ucqar dağ kəndlərindən olan Dağ Cəyir sakinləri ilə səyyar qəbul-görüş keçirib.
Senzor.az bildirir ki, qəbulda icra başçısının müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rəşad Tağıyev sakinlərlə söhbətində ilk öncə xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız şanlı Qələbədən, eləcə də Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə dair atılan addımlardan danışıb.
İcra başçısı daha sonra Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə sakinlərə ətraflı məlumat verib.
Sakinlər rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər, eyni zamanda kənd sakinlərini narahat edən suallarla RİH başçısına müraciət ediblər.
Daha sonra sakinlər fərdi şəkildə qəbul olunub, qaldırdıqları məsələlər müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib.
Səsləndirilən müraciətlərin bir qismi yerindəcə həll edilib, bir qisminin həlli üçün nəzarətə götürülməsi barədə tapşırıqlar verilib, araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Qabil YUSİFOĞLU