Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünə çıxıb.
Senzor.az bildirir ki, ilk dəfə Azərbaycanı təmsil edən 29 yaşlı idmançı ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində braziliyalı Rafael dus Anyusla üz-üzə gəlib.
Fiziyev "UFC Vegas 58" turnirinin sonuncu - 5-ci raundunda rəqibini nokauta salıb. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.
Təcrübəli düyüşçü görüşdən sonra "İndi biz idmanda ən yaxşı Rafanın kim olduğunu öyrənməliyik. Rafael Nadal, mən onu məğlub edə bilərəm" söyləyib.
Qeyd edək ki, Rafaelin atası azərbaycanlıdır, o, uzun illər Qırğızıstanda çıxış edib. 2021-ci ilin payızında Rafael Qırğızıstan bayrağı altında çıxış etməkdən imtina etdi. Bu ilin aprelində Ataman (Rafaelin ləqəbi məhz belədir) Azərbaycan Gənclər və İdman Nazirliyinin dəvəti ilə həyatında ilk dəfə Bakıya səfər edib. Daha sonra Fiziyev ona Azərbaycan bayrağı altında mümkün çıxışla bağlı sual verməməyi xahiş edib. İndi isə... Dos Anjosla döyüşdən əvvəl Rafaelin bu döyüşə Azərbaycan təmsilçisi kimi çıxacağı haqda məlumatlar var idi.
Sanki bunu təsdiqləmək üçün döyüşə bir neçə saat qalmış Fiziyev İnstaqram səhifəsində azərbaycanlıları Qurban Bayramı münasibətilə təbrik etmiş və “Mən Azərbaycanımla fəxr edirəm!” yazmışdı.
Onu da qeyd edək ki, Azərbaycanın digər MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk qarşılaşmasını sentyabrın 6-da braziliyalı İsmael Bonfimə qarşı keçirəcək.