Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 29-da Azərbaycan Respublikasına səfərə gəlib.
Senzor.az bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.
Gürcüstanın hökumət administrasiyasının daha əvvəl yaydığı məlumata əsasən, səfər çərçivəsində İ. Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.
Eyni zamanda, hər iki ölkənin Baş nazirlərinin iştirakı ilə Hökumətlərarası birgə İqtisadi Komissiyanın iclası keçiriləcək.