Tbilisidə səfərdə olan NATO Hərbi Komitəsinin üzvləri NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə (JTEC) baş çəkiblər.
“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
Alyansın ali hərbi nümayəndələri mərkəzdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2021” kompüter dəstəkli komanda-qərargah təlimlərini onlayn formatda izləyiblər.
Daha sonra Gürcüstanın Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Giorgi Matiaşvili və NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer arasında görüş keçirilib. Tərəflər Müdafiə Qüvvələrinin transformasiya prosesi, NATO və Gürcüstan arasında hərbi əməkdaşlığın önəmi və gələcək planlar, həmçinin Qara dənizdə təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, oktyabrın 4-də başlayan və 200-dən çox iştirakçının qatıldığı “Eternity-2021” təlimi bu gün başa çatacaq.