
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Senzor.az Vətən müharibəsinin 30-cu gününün xronikasını təqdim edir.
• Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər,
Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə bağlı Prezident İlham Əliyev xalqa müraciət edib.

• Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib.
• Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.

• Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan Padar, Xanlıq kəndlərinin və Qubadlı şəhərinin videogörüntülərini paylaşıb.
• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi sentyabrın 27-dən oktyabrın 26-sı saat 12:00-dək ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər xəsarət alıb, 2243 ev, 90 çoxmənzilli yaşayış binası və 402 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
