
Senzor.az mövzunun aktuallığını nəzərə alaraq nüfuzlu ekspertin həmin fikirlərini öz oxuculatrına təqdim edir.
**
Türkiyə iqtisadiyyatında lirənin ABŞ dollarına nəzərən ucuzlaşması fonunda müşahidə olunan proseslər ciddi narahatlıq doğurur. Çünki vəziyyət kifayət qədər ağırdır. Neçə illərdir, ardıcıl yüksək iqtisadi yüksəliş nümayiş etdirən qardaş ölkədə hazırda vəziyyət durğunluq kimi deyil, sanki məhz bataqlığa doğru istiqamətlənmə kimi qiymətləndirilir.

Səbəb nədir? Lirə nədən belə ucuzlaşır? Bu tendensiya nə vaxta qədər davam edə bilər?
Lirə ən birinci ona görə ucuzlaşır ki, Türkiyə iqtisadiyyatına hələ pandemiyadan öncə təzyiqlər var idi. Qərbin bu təzyiqləri Ankara ilə siyasi münasibətlərinə görə yarandığından, artıq 5 ildir davam edir. 5 ildir ki, ölkəyə xarici kapital axını, yəni investisiya əvvəlki illərlə müqayisədə demək olar, sıfır vəziyyətinə düşüb. İndiki şəraitdə isə xarici investisiyalardan ümumiyyətlə, söhbət gedə bilməz.
İkincisi, pandemiya şəraitinin bütün dünya ölkələrinin iqtisadiyyatlarına vurduğu zərbə bəllidir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da etiraf edir ki, bütün sahələrdə epidemiya çox dərindən hiss edilib. Bir sıra iqtisadi fəaliyyət sahələri qapanma və məhdudiyyətlərə məruz qaldı, nəticədə iqtisadi fəallıq məcburən çərçivəyə salındı.

Üçüncüsü, pandemiyadan sonra bütün ölkələrdə və dünya bazarlarında qiymətlər yüksəlib. Enerji daşıyıcıları bahalaşıb, ərzaq məhsulları qalxıb, demək olar, bütün digər növ məhsullar üzrə təklifin tələbi ödəyə bilməməsi situasiyası yaranıb. Bu isə zəncirvari reaksiya yolu ilə həm idxalı, həm də yerli istehsalı bahalaşdırıb və bahalaşdırmaqda da davam edir. Nəticədə inflyasiyaya əlavə təsir və təzyiqlər yaranıb.
Neft bahalaşıb, qaz bahalaşıb, - Ankaranın valyuta xərcləri xeyli yüksəlib. Bu da biznes dairələrinin işlərini daraldıb, risklərini artırıb və sair... Belə şəraitdə hər bir ağıllı sahibkar adətən gözləmə mövqeyi seçir və özünü sığortamaq tədbirləri haqda düşünür.
Bu siyahını bir az da uzatmaq olar. Hələ, dövlətin xaricə borc öhdəlikləri üzrə ödənişlərini demirəm. Axı bu da ölkədən valyuta çıxmasına səbəb olur.
Ancaq çox qəribədir ki, belə bir fonda Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini aşağı salır - ucuz pul-kredit siyasəti yürütməklə, pul təklifini daha da yumşaltmaq siyasəti həyata keçirir. Odur ki, lirənin real olaraq kəskin şəkildə ucuzlaşmasının obyektiv səbəbləri aydın göründüyü halda, hökumətin, xüsusən də müvafiq situasiyaya görə cavabdehlik daşıyan Mərkəzi Bankın vəziyyəti nəzarətə götürmək əvəzinə "odun üzərinə benzin tökmək" mövqeyi çox ciddi təəccüb doğurur. Belə şəraitdə pulun dəyərini hökumət siyasətilə daha da ucuzlaşdırmaq hansı məntiqə sığır - aydın deyil. Bu, təzyiqi kəskin şəkildə aşağı düşən pasientə müalicə məqsədilə əlavə olaraq təzyiqsalıcı dərman verməyə bənzəyir.

Təkrar edirəm, bahalaşma bütün dünyada, qlobal iqtisadiyyatda müşahidə edilir. ABŞ valyutası qlobal miqyasda möhkəmlənir. Ümumiyyətlə, neft bahadırsa bu, həm də dolların möhkəmləndiyi deməkdir. Əgər dollar hər yerdə möhkəmdirsə, təcrid edilmiş bir şəkildə bu və ya digər ölkədə Amerika valyutasını necə ucuzlaşdırmaq olar, görəsən? Belə şəraitdə adətən, milli pul vahidinin dəyərini qorumaq məqsədilə pul-kredit siyasətini sərtləşdirirlər, yumşaltmırlar.
Odur ki, hesab edirəm, Türkiyə hökuməti tezliklə ölkənin valyuta gəlirlərinə diqqət yetirməli, ixracın ümumən genişlənməsinin qayğısına qalmaqdansa, ən çox dollar gətirən məhsul və xidmətlər üzrə müvafiq stimullaşdırıcı addımlar atmaqla, onların əl-qolunu buxovdan açmalıdır. Bu zaman ölkəyə idxal da nəzarətə götürülməli, valyuta axını mümkün istiqamətlərdə məhdudlaşdırılmalıdır.
Yeri gəlmişkən, belə şəraitdə ucuz pul-kredit siyasəti nəticəsində həm də dolların ölkədən kənara axını üçün zəmin yaranır. Belə ki, adətən, bilavasitə lirə ilə bağlı yaranan analoji situasiyalarda sahibkarlarda və biznes dairələrində təşəkkül tapan qeyri-müəyyənlik onlarda dollara tələbi artırır və xarici valyutaya bir təhlükəsizlik yastığı kimi yanaşma xüsusiyyəti yaradır. Sözün qısası, vəziyyət kifayət qədər təhlükəlidir.
Lirənin məzənnəsi "ox yayından çıxmamış" dərhal sabitləşməlidir. Yoxsa, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi qurumların Ankara üzərinə çoxdan bəridir atdıqları qarmaq bir gün istər-istəməz qardaş ölkə hökumətinin boğazına keçəcək.
Senzor.az-dan əlavə: Kəskin ucuzlaşmadan sonra Türkiyə lirəsinin ABŞ dollarına nisbətdə məzənnəsi 12 lirə səviyyəsində sabitləşib.
Yerli KİV-in yazdığına görə, Bakı vaxtı ilə saat 16.30 radələrində Türkiyə valyutasının ABŞ dollarına nisbətdə məzənnəsi 11,93 səviyyəsində ticarət olunub.
Xatırladaq ki, lirə son 1 il əzində təxminən 40% dəyər itirib. Son günlərdə məzənnə ABŞ dollarına nisbətdə 11,37-dən 13,21-ə düşərək yeni antirekorda imza atıb. Bu, son 20 ilin ən kəskin qiymət enişi hesab olunur.