Bu gün Azərbaycanda Novruz bayramının sonuncu- İlaxır çərşənbəsi qeyd olunur.
Senzor.az xatırladır ki, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Yəqin elə buna görədir ki, bu çərşənbə xalq arasında həm də Torpaq çərşənbəsi adlanır.
İnama görə, İlaxır çərşənbə yetişəndə torpaq artıq əkinə də hazır olur və ona toxum səpmək olar. İlaxır çərşənbədə həm də bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.
Ümumiyyətlə, digər çərşənbələrdən fərqli olaraq, xalq axırıncı çərşənbəni xüsusi təntənə ilə keçirir. İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar qalanır, onların üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur.
Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Adət-ənənəyə görə, axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılmalıdır.
Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kirbit, neft, ağartı verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır, adətə görə şamı yarımçıq söndürməzlər. Həmçinin axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatılmalıdır.
Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan...
Qeyd edək ki, bu il yaz fəsli ölkəyə martın 20-si saat 07:06-da daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edib göy ekvatorunu kəsərək cənub yarımkürəsindən şimalyarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarımkürəsində Yaz fəsli başlayacaq. Şimal yarımkürəsində Yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək.
İlaxır çərşənbəniz mübarək olsun!