ABŞ onillərdən bəri Cənubi Qafqazdakı siyasətinin sülhün, stabilliyin, əmin-amanlığın, demokratiya və insan haqları prinsiplərinin, bölgədəki xalqların dinc birgəyaşamın təminatına yönəldiyini bəyan edir.
Vaşinqton fasiləsiz qaydada bəyan edir ki, bölgə ilə bağlı ən əsas məqsədlərindən biri Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, sərhədlərin açılması, nəqliyyat kommunikasiyalarının bərpası və s.-dir.
Halbuki Birləşmiş Ştatların bölgə siyasəti gün keçdikcə daha aydın bəlirlənir.
Aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ, Avropa İttifaqı və Ermənistan görüşündə İrəvanla bağlı yeni strategiya açıqlanacaq.
Qərb və erməni mediası bu görüşdə "Qərblə Ermənistan arasında hərbi-siyasi paktın imzalanacağını", az qala Ermənistanla bağlı yeni Marşall planının qəbul ediləcəyini vurğulayırlar.
Vaşinqton və Brüssel bəyan edirlər ki, Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün ermənilərin təhlükəsizliyinin təminatı ilə məşğul olacaqlar. Bu prosesə Ermənistanın siyasi, hərbi, enerji, yanacaq və iqtisadi təhlükəsizliyinin "yetərli səviyyədə" olmasının təminatının yer aldığı da qeyd olunur.
2020-ci ilədək bölgə siyasətini təkbaşına yürüdən, lakin İkinci Qarabağ Müharibəsindən sonra Avropa İttifaqını irəli verən Birləşmiş Ştatlar müstəqil fəaliyyət qərarına gəlib.
Avropa İttifaqının Ermənistandakı Müşahidə-Monitorinq Missiyasının (EUMA) tərkibinə Kanadanın Süvari Polisinin mənsublarının da daxil edilməsi missiyanın heyəiinin artırılması ilə yanaşı, onun Brüsselin tam kontrolundan çıxarılması ilə nəticələndi.
EUMA artıq Ermənistanda Avropa İttifaqının yox, NATO-nun missiyasıdır.
Və bu, ermənilərdə "NATO ölkəmizdə baza yaradacaq" təki tamamilə əsassız, illüzor əminliyin yaranmasına səbəb olub.
Aprelin 5-də Brüsseldə keçiriləcək müzakirələrdə sadəcə, Ermənistana siyasi, maliyyə və iqtisadi dəstəyin nəzərdən keçiriləcəyi deyilsə də, Vaşinqtonun məqsədi EUMA tərkibində yer almağını legitimləşdirmək və beləcə, missiyanı nəzarətə almaqdır.
ABŞ bundan sonra istədiyi qədər Cənubi Qafqazda sülh və stabilliyin zərurətindən danışa bilər. Vaşinqtonun dedikləri tamamilə saxta, yalan və hadisələrin verbal görüntüsünü yaratmaq məqsədlidir.
Amerikalıların siyasətini təhlil etmək çətin deyil: Birləşmiş Ştatlar Cənubi Qafqaz bölgəsində yeni münaqişəni alovlandırmaq, gərginliyi artırmaq və Ermənistanı sürətlə silahlandırmaq yolunu tutub.
Vaşinqton Ermənistana birbaşa olaraq, ikitərəfli anlaşmalar çərçivəsində silah-sursat və hərbi texnika verməyəcək. Bu variant həddən artıq bəsitdir və amerikalıların primitizm taktikasına rəğmən, İranla Rusiyaya aşkar meydan oxumayacaqlar.
Ağ Ev erməniləri Fransa, Yunanıstan, Belçika, Hindistan və s. ölkələr vasitəsilə silahlandıracaq, özünü kölgədə saxlamağa, prosesləri kulisdən idarə etməyə can atacaq.
Məhz buna görə Ermənistanın baş naziri Nikol Paşinyan cürətlənib, Azərbaycanla şərti dövlət sərhədinə ağır zirehli texnika, canlı qüvvə və artilleriya qurğularının yığılmasına, uzunmüddətli müdafiə və mühəndis-istehkam qurğularının inşasına göstəriş verib.
Hazırda sərhədlərimiz boyunca müxtəlif istiqamətlərdə Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin intensiv hərəkəti müşahidə olunur.
Aprelin 5-də Brüsseldə keçiriləcək görüşədək və ya bilavasitə "konfrans" adlanan görüş günündə erməniləriin Azərbaycana qarşı növbəti silahlı təxribata əl atmaları, mövqelərimizi atəşə tutmaları da istisna deyil.
Ermənistan bu mənhus əməli gerçəkləşdirəndən sonra Azərbaycan Ordusunun sərt cavabını "rəsmi Bakının aqressiv siyasətinin təzahürü" kimi qələmə verəcək, "Qərblə daha sıx inteqrasiya və tərəfdaşlığın zəruriliyi"ndən danışacaq.
Aylardan bəri Qərb mass-mediasında Azərbaycana qarşı aparılan, ötən il İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin 3-cü sammitindən sonra daha da aktivləşən kampaniyanın məqsədlərindən biri də Ermənistanın Qərbə meyillənmiş siyasətinin aktivləşməsinin siyasi-mediativ zəminini təşkil etməkdi.
Fransaya, indi həmçinin, ABŞ-a və Avropa İttifaqına arxalanan, aldığı vədlərə inanan Ermənistan yanılır.
Birləşmiş Ştatların can atdığı hədəf Ermənistanın təhlükəsizliyinin təminatı yox, Cənubi Qafqazdakı siyasi-strateji imkanlarına hərbi mövcudluğunu da əlavə etməkdir.
Dünyanın ən müxtəlif, geostrateji baxımdan önəmli, geosiyasi cəhətdən aktual bölgələrində hərbi bazalarını yaratmaq strategiyasını davam etdirən Birləşmiş Ştatlar Cənubi Qafqazda da özünə potensial düşmən elan etdiyi Rusiyanın və İranın regional təsirini minimuma endirməyə çalışır.
Eyni zamanda, ABŞ bölgəmizdə Azərbaycan, Türkiyə, Pakistan, İsrail, Rusiya, İran və xüsusilə də Çinin təsir imkanlarının, nüfuzunun artmasından narahat olur.
Digər reallıq isə odur ki, Azərbaycanın iqtisadi, siyasi, hərbi və s. baxımdan güclənməsi, xüsusilə də Azərbaycan-Türkiyə, Azərbaycan-Pakistan və Azərbaycan-İsrail tərəfdaşlığının intensivləşməsini Vaşinqton öz maraqlarına təhlükə hesab edir, türkdilli dövlətlərin inteqrasiya prosesini qıcıqla izləyir.
Doğrudur, Türkiyədə ABŞ bazaları var, İsrail də ABŞ-ın ən yaxın müttəfiqidir. Lakin geosiyasi proseslər daim bir xətt üzrə inkişaf etmədiyindən Vaşinqton özü üçün ən əlveriqşsiz ssenarilərə indidən hazırlaşır. Bu, səbəbsiz deyil: Türkiyə ilə yanaşı, İsraildə də qatı anti-amerikan meyillərin miqyası ilə dərinliyi sürətlə artır, Ankara və Təl-Əviv amerikalıların daim onlardan istifadə etməyə çalışdıqlarının fərqinə vararaq müstəqil siyasət yürütməyə meyillənirlər.
Türkiyənin şimal-qərbində və qərbində Yunanıstanla Kiprdə, cənubunda İraq və Suriyada hərbi bazalar yaradan ABŞ indi Ermənistanda hərbçilərinin sayını artırmaqla həm Cənubi Qafqazda hərbi mövcudluğunu gücləndirir, həm də qardaş Türkiyənin sərhədləri ətrafında hərbi qruplaşmalar təmərküzləşdirərək Ankarada Vaşinqtonla hərbi ittifaqın alternativsizliyi ilə təlaş hissləri yaradaraq Türkiyəni Ağ Evin maraqları ilə daha geniş müstəvidə, özü də tam hesablaşmağa vadar etmək istəyir.
ABŞ Gürcüstanda da hərbi kontingentini yerləşdirmək istəyirdi, lakin rəsmi Tbilisi buna qətiyyətlə etiraz edib. Vaşinqtonun Gürcüstanla bağlı hərbi planlarından vaz keçəcəyi real təsir bağışlamadığından Cənubi Qafqazda daha bir gərginlik arealı formalaşacaq.
Birləşmiş Ştatların dünyanın müxtəlif məkanlarında olduğu kimi, Cənubi Qafqazda da yeritdiyi siyasət və davranışı geosiyasət nəzəriyyəsinin banilərindən sayılan Helford Con Makkinderin postulatilarına tam uyğundur. Xatırladaq ki, Makkinder nəzəriyyəsinə görə, Qərb Avrasiyanın “döyünən ürəyi” olan “Hartlend”i mühasirəyə almalıdır.
İdealda təbii ki, Birləhmiş Ştatlar Azərbaycanda da hərbi mövcudluğunu gücləndirmək istəyir, buna can atır.
Xatırladaq ki, məşhur amerikalı siyasi analitik Pol Qobl demişdi: “Gürcüstan - yol, Ermənistan - alət, Azərbaycan isə mükafatdır”.
Ermənistana vədlər verən, İrəvanı dəstəkləyən və aprelin 5-də Brüsseldə İrəvana yardım strategiyasını açıqlamağa hazırlaşhan Qərb bu minvalla Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqla yanaşı, Azərbaycana, Türkiyəyə və İrana qarşı sürəkli təzyiq vasitəsi formalaşdırmaq niyyətindədir.
Vaşinqton Cənubi Qafqaz bölgəsində gərginliyi artırmaq, region ölkələrinin ABŞ hegemoniysına uyğun siyasət yürütmələrini təmin etməyə çalışır.
Bu isə heç bir müstəqil ölkə üçün yaxşı ssenari deyil.