
“Qlobal vəziyyəti, regiondakı prosesləri təhlil edəndə Azərbaycan və Ermənistan anladı ki, bizim ümumi maraqlarımız var, xüsusilə Cənubi Qafqaz ölkələrinin taleyinin bir-birinə bağlı olduğunu anladıq. Onilliklər boyu davam edən düşmənçilikdən sonra bunu indi daha aydın görürük”.
Senzor.az erməni mətbuatına istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumunda çıxışı zamanı deyib.
Erməni baş nazir qeyd edib ki, Azərbaycan və Ermənistan ümumi maraqlar, xüsusən də müstəqilliyin, suverenliyin və dövlətçiliyin möhkəmləndirilməsi üçün ortaq məxrəcə gələ bilərlər. Çünki onların müstəqilliyi və suverenliyinə təhlükə eyni yerdən ola bilər: “Məsələn, XX əsrin əvvəllərində biz müstəqilliyi birlikdə, üç gün ərzində əldə etmişik. 1918-ci ildə müstəqilliyimizi qazandıq və bir neçə il sonra həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstan müstəqilliyini itirdi. 1991-ci ildə də müstəqilliyimizi eyni vaxtda yenidən qazandıq və müəyyən müddətdən sonra başa düşdük ki, bəlkə ümumi təhlükə mövcuddur.
Buna görə də dövlətçiliyimizin inkişafı, müstəqilliyimiz və suverenliyimizin qorunmasına diqqət yetirməyə qərar verdik. Fikrimcə, bu, çox vacib faktordur”.