
Senzor.az YT Park-a istinadən bildirir ki, əməkdaşlığın məqsədi drona quraşdırılmış mobil skanerin (LidarUSA Revolution 120) müəssisənin dronlarında tətbiqi imkanlarını yoxlamaqdır.
AMEA mütəxəssisləri tərəfindən istehsal olunan dronlar ötən həftə ərzində “Project Terra” şirkəti tərəfindən elmi-tədqiqat layihəsi çərçivəsində idarə olunaraq yeni sınaqdan müvəffəqiyyətlə keçib.

“Project Terra” şirkəti tərəfindən lazer skanerlərdən istifadə edərək müvafiq tikililərin, tarixi abidələrin, küçələrin və s. obyektlərin dəqiq ölçülərinin, ən xırda detalların rəqəmsal formada əks etdirilməsi azad olunmuş ərazilərdə (Şuşa, Ağdam və s.) tətbiq edilib, uğurlu nəticələr əldə olunub.
AMEA Elm və Texnologiya Parkının mütəxəssisləri tərəfindən istehsal olunan dronlarda bu texnologiyaların tətbiqi isə bu kimi layihələrin daha effektiv və əlverişli olmasına şərait yaradacaq.

Bu texnologiya vasitəsilə skan olunmuş obyektlərin “Point Cloud” və onlardan 3D modellərinin (digital twin) hazırlanması, istənilən ərazinin avtomobil və ya dron üzərində quraşdırılmış Lidar 3D lazer sensor skaner vasitəsilə mobil şəkildə skan olunması, relyef və yerüstü obyektlər haqqında 3D məlumatların toplanması, dron vasitəsilə ərazinin 3D xəritəsinin çəkilməsi, eləcə də binaların, tarixi abidələrin, zavod və fabriklərin, yolların, ərazilərin və s. yerdən və havadan 3D lazer skaner cihazlar vasitəsilə skan olunaraq məlumatların toplanması mümkündür.