
Senzor.az bildirir ki, bunları Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya 24” telekanalında yayımlanan “Hakimiyyət formulu” verilişində deyib.
Yarım əsr irəliyə baxdığını vurğulayan dövlətimizin başçısı deyib: “Energetika sahəsində bu müddət 100 ildir. Yəni Azərbaycan ən azı yüz il beynəlxalq enerji bazarında əvəzedilməz və çox mühüm aktora çevrilir. Biz nəqliyyat sahəsində elə infrastruktur yaradırıq ki, o, əsrlər boyu ölkəmizin rifahı naminə işləyəcək. Təhsil – o da bir neçə onillik irəlini nəzərdə tutmalıdır”.
Bunların, eləcə də kadrların, informasiya texnologiyalarının hazırlanmasının gələcəyə yatırılan investisiyalar olduğunu qeyd edən Prezident bildirib ki, BMT-nin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan 2030-cu ilin gündəliyinin icrası barədə üçüncü Könüllü Milli Hesabat təqdim etmiş 12 ölkədən biri və öz regionunda birinci dövlətdir.