
“Kipr türk xalqı İslam dünyasının ayrılmaz bir hissəsidir”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində 41-ci İSEDAK toplantısının açılış mərasimində deyib.
“Kipr türk xalqı İslam dünyasının ayrılmaz bir hissəsidir. Xüsusilə bu kimlikləri səbəbindən onlar onilliklər boyu haqsız, qanunsuz və amansız bir təcridlə üzləşiblər, bu, təəssüf ki, uzun bir müddətdir davam edən bir vəziyyətdir. Amma bütün bunlara baxmayaraq, Kipr türkü qardaşlarımız təzyiqlərə boyun əyməyiblər. Öz vətənlərində şərəflə yaşamaq iradəsindən vaz keçməyiblər və suveren bərabərliklərini müzakirə mövzusu etməyiblər.
Bölgəmizdə qurulan yeni imperialist oyunda Kipr adasının da menyuya əlavə edilmək istənməsinə dair güclü siqnallar alırıq. Təşkilatımızın Kipr türk xalqı ilə həmrəyliyini daha da artırmasını bu baxımdan çox vacib hesab edirəm. Sizlərdən Kipr türklərinin iki dövlətli həll əsaslı yürüttükləri haqq, azadlıq və ədalət mübarizəsinə daha çox dəstək vermənizi gözləyirəm. İnşallah, Ana Vətən və təminatçı ölkə olaraq biz də Kipr türk xalqını heç vaxt tək qoymayacaq və haqlı işlərində hər zaman onların yanında olacağıq”, - o bildirib.