
Tezliklə İranda müvəqqəti Rəhbərlik Şurası formalaşdırılacaq və yeni Rəhbər seçiləcək.
"Mehr" agentliyi xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.
"Konstitusiyaya uyğun olaraq, varis seçilənə qədər ali liderin vəzifələrini icra edəcək Rəhbər Şura formalaşdırılıb", - Laricani bildirib.
Daha əvvəl IRNA agentliyi xəbər verib ki, İran Prezidenti Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin başçısı və Konstitusiya Keşikçiləri Şurasının üzvlərindən biri ali lider Əli Xameneinin vəfatından sonra respublikaya müvəqqəti rəhbərlik edəcəklər.
Qeyd edək ki, İranın ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Onu da xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.