
Ayətullah Əlirza Ərafi yeni ali lider seçilənə qədər ölkəni müvəqqəti olaraq idarə edən İranın İdarəetmə Şurasına qoşulub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İranın siyasi məqsədyönlülüyünün müəyyənləşdirilməsi Şurasının rəsmi nümayəndəsi Möhsün Dehnəvi məlumat verib.
"Konstitusiyanın 111-ci maddəsinə əsasən, müvəqqəti rəhbərlik şurasında Keşikçi Şurasının hüquqşünas kateqoriyasından bir üzvü olmalıdır. Məqsədyönlülük şurası ölkənin idarəçiliyinin fasiləsiz davam etməsi və Ekspertlər Şurasının ali rəhbəri ən qısa müddətdə seçə bilməsi üçün ayətullah Əlirza Ərafini bu şuranın üzvü seçib".
Məlumat üçün qeyd edək ki, ayətullah Ə.Ərafi 1959-cu ildə Meybod şəhərində anadan olub. Onun atası Məhəmməd İbrahim Ərafi din xadimlərindən biri və Seyid Ruhullah Xomeyninin yaxın dostu olub. Anası isə Kazım Malik Əfzəli Ərdəkaninin övladlarından olub.
Ayətullah Ərafi 07.10.2020 tarixində Ermənistan–Azərbaycan arasında Qarabağ münaqişəsi ilə əlaqədar xüsusi bəyanat yayıb. Bəyanatda Qarabağın Azərbaycana aid olduğu və İslam aləminin Azərbaycanı dəstəkləməli olduğu bildirilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan dünyaya görkəmli elm, mədəniyyət və din xadimləri bəxş edib. Bütün beynəlxalq sənədlərdə Qarabağ Azərbaycanın ayrılmaz ərazisi kimi tanınır.