
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfərə gedib.
Senzor.az bildirir ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.
Xatırladaq ki, dünyanın ən genişmiqyaslı diplomatiya platformalarından biri olan 5-ci Antalya Diplomatiya Forumuna (ADF) 150-dən çox ölkədən 500-dən çox yüksəksəviyyəli rəsmi şəxsin qatılacağı gözlənilir.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib ki, ADF-2026-da 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39 xarici işlər naziri də daxil olmaqla 50-dən çox nazir, 79 beynəlxalq təşkilat nümayəndəsi iştirak edəcək.
Dövlət başçılarının təxminən yarısı Avropa və Afrikada ölkələrini təmsil edir. Xarici işlər nazirləri səviyyəsində iştirakçıların 36%-i Avropadan, 30%-i Asiyadan və 28%-i Afrikadandır.
Forumda akademiklər və tələbələr də daxil olmaqla təxminən 5000 nəfərin iştirakı gözlənilir. Tədbiri işıqlandıran milli və beynəlxalq media nümayəndələrinin sayı 1100 nəfərdir.
Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsində, Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə baş tutacaq ADF aprelin 17-18-də "Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək" mövzusunda təşkil edilir.








