
İran parlamentinin sədri, ABŞ ilə danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf müşavirləri ilə keçirdiyi iclasda Vaşinqtonla razılaşmaya qarşı çıxanları və “Cəbhə-ye Paydari”yə bağlı fiqurları sərt tənqid edib.
Bu barədə “Iran International” mənbələrə istinadla məlumat yayıb.
Məlumata əsasən, Qalibaf Səid Cəlili və Əmirhüseyn Sabeti kimi şəxsləri “ekstremist yarımhərbi qüvvələr” adlandırıb və onların İranı məhv edəcəyi barədə xəbərdarlıq edib.
“Parlament sədri deyib ki, bu qüvvələr İran Dövlət Televiziyası (IRIB) vasitəsilə və mühafizəkarları səfərbər etməklə ABŞ ilə danışıqlara və razılaşmaya qarşı müqaviməti artırmağa çalışırlar.
Qalibaf həmçinin özünün parlament sədrliyindən, Abbas Əraqçinin isə xarici işlər naziri vəzifəsindən uzaqlaşdırılması ehtimalı ilə bağlı narahatlığını ifadə edib”.
Xatırladaq ki, “Cəbhə-ye Paydari” İranda ən mühafizəkar siyasi qrup hesab olunur. Qrup 2011-ci il parlament seçkiləri üçün seçki siyahısı kimi yaradılıb, qismən Mahmud Əhmədinejad hökumətinin keçmiş nazirlərindən formalaşıb.