
Macarıstanda keçirilən parlament seçkilərində qalib gələn “Tisza” Partiyasının lideri Peter Madyar bildirib ki, ölkəsi beynəlxalq hüquqi öhdəliklərinə sadiq qalacaq.
Senzor.az bildirir ki, bu barədə yerli KİV yazıb.
P.Madyar vurğulayıb ki, Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü olaraq qalmağı planlaşdırır və bu status ölkənin üzərinə müəyyən hüquqi məsuliyyətlər qoyur.
O qeyd edib ki, BCM tərəfindən barəsində həbs qərarı çıxarılmış şəxs üzv dövlətin ərazisinə daxil olarsa, həmin şəxs dərhal saxlanılmalıdır.
Bu kontekstdə o bildirib ki, əgər İsrailin Baş naziri Benyamin Netanyahu Macarıstana səfər edərsə və onun barəsində BCM tərəfindən həbs orderi qüvvədə olarsa, Budapeşt beynəlxalq öhdəliklərinə uyğun şəkildə hərəkət etməyə borcludur.
Xatırladaq ki, BCM 2024-cü ilin noyabrında Qəzzada törədilən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə Netanyahu barəsində həbs qərarı çıxarıb.
Buna baxmayaraq, Macarıstanın o vaxtkı Baş naziri Viktor Orban Netanyahuya dəstək nümayiş etdirərək, onu Budapeştə dəvət etmiş və səfəri zamanı həbs olunmayacağına təminat vermişdi.