
Ermənistanda seçkilərdə iştirak etmək üçün ölkəyə gələn və yenidən Rusiyaya qayıtmaq istəyən hərbi çağırış yaşlı kişilərin çıxışının tamamilə qadağan edilməsi barədə göstəriş verilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, müəyyən siyasi qüvvələr həmin şəxsləri xüsusi qruplarla Ermənistana gətirib.
Məqsəd seçkilərdə tələb olunan şəkildə səs verib dərhal geri qayıtmaqdır.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri sabah - iyunun 7-də keçiriləcək. Onu da xatırladaq ki, bu ölkədə parlament proporsional sistem üzrə, yəni yalnız partiya siyahıları ilə seçilir. Seçicilər seçki bülletenində 18 siyasi qüvvə arasında seçim edəcəklər. Onlardan 16-sı siyasi partiya, 2-si isə partiya ittifaqıdır. Parlamentə daxil olmaqdan ötrü limit partiyalar üçün 4 faiz, ittifaqlar üçün isə 8 faizdir.
Qanunvericiliyin xüsusiyyətlərinə görə, bu və ya digər qüvvəyə əlavə mandatların verilməsi üçün normalar olmadığı təqdirdə, parlamentə ən azı 105 deputat seçiləcək.
Yeri gəlmişkən, vətəndaşlar və media seçkilərdə favoritləri kimi üç əsas qüvvəni göstərirlər. Bunlar indiki Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası, rusiyalı iş adamı Samuel Karapetyanın "Güclü Ermənistan" alyansı və keçmiş prezident Robert Köçəryanın "Ermənistan" alyansıdır.