Rusiya və Azərbaycan liderləri arasında məktub mübadiləsi olub
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib.
 
Senzor.az bildirir ki, təbrikdə deyilir: 
 
“Hörmətli İlham Heydər oğlu,
 
Dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.
 
Ötən onilliklər ərzində yaxşı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün çox işlər görülüb. Konstruktiv siyasi dialoq, eləcə də ticarət-iqtisadi, elmi-texniki, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq genişlənir. Keçən il və inişildə bağlanmış üçtərəfli sazişlərə əsaslanaraq, biz Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində birgə işləyirik.
 
Bu il mühüm nailiyyətlə - Rusiya ilə Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə yadda qaldı. Əminəm ki, ikitərəfli münasibətləri yeni, keyfiyyətcə daha yüksək səviyyəyə çıxarmaq xalqlarımızın köklü maraqlarına cavab verir.
 
Sizə, hörmətli İlham Heydər oğlu, səmimi-qəlbdən möhkəm cansağlığı, uğurlar, bütün vətəndaşlarınıza isə əmin-amanlıq və firavanlıq diləyirəm”.

Azərbaycan Prezidenti İlham Əliyev də Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.
 
Məktubda deyilir:
 
“Hörmətli Vladimir Vladimiroviç,
 
Əlamətdar yubiley – Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizi və Sizin şəxsinizdə qardaş Rusiya xalqını səmimi qəlbdən təbrik edirəm.
 
Ötən 30 il ərzində xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı hörmət və etimad, bir-birinin mənafelərinin nəzərə alınması prinsipləri əsasında strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda uğurla inkişaf edib və möhkəmlənib.
 
Bu gün fəal siyasi dialoq, ticari-iqtisadi, nəqliyyat, energetika, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıqla səciyyəvi olan dövlətlərarası əlaqələrimiz böyük məmnunluq doğurur. Qarşılıqlı ticarətin və investisiyaların davamlı artımı, sanballı müqavilə-hüquq bazası, müxtəlif sahələrdə birgə layihələrin və təşəbbüslərin səmərəli reallaşdırılması ikitərəfli münasibətlərin dinamik inkişafına parlaq sübutdur.
 
Xüsusilə sevindirici haldır ki, diplomatik münasibətlərin qurulmasının budəfəki yubiley ili Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə eyni vaxta düşüb. Bu mühüm sənəddə 30 illik dövrdə dövlətlərimiz arasında münasibətlərin keyfiyyətcə yeni, ən yüksək səviyyəyə çatması təsbit olunub.
 
Şübhəsiz, ali və yüksək səviyyədə müntəzəm əlaqələr, qarşılıqlı səfərlər və görüşlər də Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişaf dinamikasına və birgə fəaliyyətin dərinləşməsinə müsbət təsir göstərir.
 
Dərin tarixi köklərlə, mənəvi və mədəni yaxınlıqla bağlı olan xalqlarımız arasında dostluğun, mehriban qonşuluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsində mədəni-humanitar münasibətlərin rolunu xüsusi qeyd etmək istərdim. Mədəniyyət və təhsil sahələrində əməkdaşlıq, Azərbaycanda rus dilinin və rus mədəniyyətinin dövlət səviyyəsində hərtərəfli dəstəklənməsi, Azərbaycanın məktəblərində və ali təhsil müəssisələrində rus dilində təhsil bizim tərəfdaşlığımızın humanitar gündəliyinə verdiyimiz əhəmiyyəti əyani şəkildə təsdiq edir.
 
Regionlararası kooperasiya da bizim dövlətlərarası münasibətlərin mühüm tərkib hissəsidir. Azərbaycan Rusiya Federasiyasının çoxsaylı subyektləri ilə fəal qarşılıqlı əlaqə saxlayır, bununla da bütün səviyyələrdə əlaqələrimizin genişlənməsinə şərait yaradır.
 
Əminəm ki, biz birgə səylərimizlə bundan sonra da ikitərəfli əməkdaşlığın aktual məsələlərini reallaşdıra, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin xalqlarımızın və ölkələrimizin mənafeyi naminə möhkəmlənməsi üçün yeni imkanlar aça biləcəyik.
 
Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Rusiya xalqına isə əmin-amanlıq və firavanlıq arzu edirəm”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.