Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti Qazaxıstana səfəri çərçivəsində hərbi gəmilərindən birini ziyarət edib.
Senzor.az-ın məlumatına görə, gəmiyə ziyarət Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin iştirakçı dövlətlərinin Müdafiə nazirliklərinin rəhbərliyi ilə birgə baş tutub. Gəmi gəzintisi zamanı raket-artilleriya gəmisinin və heyətin əsas fəaliyyət istiqamətləri ilə bağlı müdafiə nazirlərinə məruzə edilib. Qonaqlar hərbi dənizçilərin nümunəvi çıxışlarını izləyiblər.
Sonra nümayəndələr Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Dalğıc mərkəzinə gələrək burada yaradılan şəraitlə tanış olub, silahlanmada olan kiçik və iriçaplı silahlara və texniki avadanlıqlara baxış keçiriblər.
Daha sonra hərbi hissələrdən biri ziyarət edilib. Qonaqlara burada yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib və hərbi hissənin ərazisindəki təlim trenajorları nümayiş etdirilib.
**12:06
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini izləmək üçün qardaş ölkəyə səfər edib.
Bu barədə Senzor.az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Aktau Beynəlxalq hava limanında general-polkovnik Z.Həsənovu qazaxıstanlı həmkarı general-polkovnik R.Jaksılıkov qarşılayıb.
Hava limanında təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Müdafiə naziri səfər çərçivəsində "Birləşdik - 2024" təliminin "Oymaşa" təlim poliqonu və Xəzər dənizinin akvatoriyasının Tokmak burnunda icra ediləcək epizodlarını izləyəcək.